...

Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs: "Brakonyerliyə son" (FOTO)

Gündəm Materials 6 Oktyabr 2019 20:23 (UTC +04:00)
Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə "Brakonyerliyə son" devizi altında ilk dəfə keçirilən həvəskar balıq ovu turniri Abşeron Milli Parkında baş tutub
Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs:  "Brakonyerliyə son" (FOTO)

Bakı.Ilhamə Isabalayeva -Trend:

Yəqin ki, xaricə gedənlər həvəskar balıqçıların açıq şəkildə dəniz kənarında balıq tutduğunu görüblər. Demək olmaz ki, bu, həmin ölkələrin balıqların ovlanmasına nəzarətsiz yanaşmasının və ölkənin balıq ehtiyatının tənzimlənməsinə laqeyd münasibət göstərməsinin nəticəsidir. Sadəcə olaraq, ölkə balıqçılara balıq ovu üçün şərait yaradır, balıqçılar isə bu qaydalara sivil şəkildə əməl edərək qanunla icazə verilən ərazilərdə, vaxtlarda və alətlərlə balıqlarını tuturlar.

Belə sivil qaydaların Azərbaycanda da mövcud olmasına baxmayaraq, təəssüf hissi ilə belə sivil balıqçılarımızın ölkəmizdə kifayət qədər olmadığını da deməliyik. Çünki həvəskar balıq ovlamaq istəyənlər daha çox brakonyerliyə can atmaqla yanaşı, qadağan olunmuş alətlərlə də balıq ovlayırlar. Belə "ovçu"ların arasında hətta suya cərəyan buraxaraq balıq ovlayanlar da olur.

Bunun qarşısını almağa çalışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə sivil balıq ovunun təbliğat və təşviqatı üçün maraqlı bir turnur keçirib.

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə "Brakonyerliyə son" devizi altında ilk dəfə keçirilən həvəskar balıq ovu turniri Abşeron Milli Parkında baş tutub.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirin məqsədi brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarını təbliğ və təşviq etməkdir . Turnirdə 50-dən çox həvəskar balıqçı iştirak edib.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov Trend-ə bildirib ki, qadağan olunmuş vasitələrlə balıq ovlayanlar su canlılarının kütləvi məhvinə səbəb olaraq onların artımının qarşısını alırlar:"Balıq populyasiyasının artırılması üçün yetişdirilmiş balıq körpələri su hövzələrinə buraxılır. Amma vandal üsulla balıq ovlayanlar bu artımın qarşısını alırlar. Bəlkə də belə vandal üsullarla ov edənlərin sayı ölkədə minlərlədir. Deməli, belələri ilə mübarizə təkcə bir qurumun üzərinə düşməməlidir. Daha yaxşı nəticə əldə etmək üçün ictimaiyyətin də bizə dəstək verməsi vacibdir. İstəyirik ki, hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsin, vətəndaş mövqeyi nümayiş etdirsin. Həvəskar balıqçılar üçün keçirilən bu tədbirin də məqsədi ölkədə sivil balıq ovlanması mədəniyyətini formalaşdırmaq, qaydalar çərçivəsində balıq ovlanmasını təşviq etməkdir".

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev Trend-ə bildirib ki, bəziləri sosial şəbəkələrdə torlarla, cərəyanlarla balıq ovlayanlar barədə video və şəkillər paylaşaraq belə hallara görə ETSN-ni ittiham edir:" Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hamımız bu işdə birgə mübarizə aparmalı, brakonyerlərə qarşı mövqeyimizi bildirməliyik. Bu, hər kəsin vətəndaşlıq borcudur".

Həvəskar balıqçı Ramin Yağnəliyev Abşeron Milli Parkında təşkil olunan təşviqedici turniri çox önəmli bir təşəbbüs adlandırıb: "Biz əvvəllər də başqa turnirlərdə iştirak etmişik. Turnirin milli park ərazisində keçirilməsi brakonyerlərin qadağan olunmuş vasitələrlə balıq ovuna son qoymaları üçün bir çağırışdır. Burada iştirakımla brakonyerlərə bir mesaj göndərmək, onlara örnək olmaq istəyirəm. Balıqçıları ovlarını sivil qaydada aparmağa səsləyirəm. Biz Milli Parkda balıq tutmaqla yanaşı, asudə vaxtımızı səmərəli keçirdik, gözəl istirahət etdik, təbiətin gözəlliyindən zövq aldıq".

Turnirdə iştirak edən digər balıqçı Müşfiq Həsənov da balıqçıların tor və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib:"Hər kəs bilməlidir ki, sənaye balıq ovunun aparılması mayın 1-dən sentyabrın 1-dək qadağandır. Həmin vaxtlarda balıqların ovlanması yolverilməzdir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq. Ümidvarıq ki, bu tədbir məqsədimizə nail olmağa bir vəsilə olacaq".

Milli parka istirahətə gələn turistlər də turniri çox maraqla izlədiklərini, təşəbbüsü yüksək qiymətləndirdiklərini və belə tədbirlərin müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər.

Sonda həvəskar balıqçılar Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti