Bakı. Samir Əli - Trend:
Prokurorluq sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı qətlə yetirən şəxsin saxlanılması barədə məlumat yayıb. Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, həmin şəxslərin yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmətibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.