...

Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)

Gündəm Materials 2 Mart 2021 12:12 (UTC +04:00)
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən işçi görüşdə deyib.

A.Nəsirov bildirib ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin maliyyələşməsini yeni iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaqdır.

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib ki, hazırda ölkə əhalisinin özündə 2550-i tibbi xidməti birləşdirən Xidmətlər Zərfindən yararlanması üçün bərabər imkanların yaradılması istiqamətində müvafiq tədbirlər görülür:

"Məqsədimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Əminik ki, bu sahədə böyük uğurlar əldə etmiş dost-qardaş ölkənin təcrübəsindən faydalana biləcəyik”.

Türkiyənin Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri Muhiddin Şahin bildirib ki, aparılmış səhiyyə islahatlarının nəticəsi olaraq bu gün Türkiyənin universal tibbi sığorta sistemi dünyanın ən ön sıralarında qərarlaşıb:

“Hazırda əhalinin 99.5%-i universal tibbi sığorta ilə əhatə olunur.”

Sosial Müdafiə Qurumunun əməkdaşı Amine Yücedal Qurumun fəaliyyəti, strukturu, ölkəsində universal tibbi sığorta ilə əhatə olunan şəxslər, sığorta haqlarının məbləği və səhiyyə sistemi haqqında digər məlumatları iştirakçıların diqqətinə çatdırıb: “Məqsədimiz maliyyələşən tibbi xidmətlərin həcmini artırmaq, onların bərabər, ədalətli və əlçatan olmasına nəzarət etmək, həmçinin resurslardan səmərəli və effektiv istifadə edilməsini təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti