...

Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər - ŞƏRH

Gündəm Materials 18 Avqust 2021 13:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Trend-in əldə etdiyi məlumata görə, avqustun 17 -də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil hava limanında təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.

Növbəti dəfə isə hərbçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər.

Məsələni Trend-ə şərh edən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycan sülhməramlılarının Əfqanıstanda xidməti Azərbaycanın qlobal təhlükəsizliyə sadiqliyinin növbəti sübutudur:

"Fransa Azərbaycanın haqq işində çox qərəzli mövqedən çıxış etdi. Halbuki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və danışqlarda iştirak edirdi. Ona görə də bitərəfliyini qorumalı idi. Çox təəssüf ki, Fransa istər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı mərhələdə birmənalı olaraq ermənipərəst mövqedən çıxış etdi".

Deputat bildirib ki, lakin Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq təhlükəsizliyə öz töhfəsini verməkdə davam edir. Fransanın qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa öz sadiqliyini nümayiş etdirir:

"Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmət aparır, BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin və 100-ə yaxın Fransa vətəndaşının təhlükəsiz şəkildə çıxarılmasını həyata keçirir. Bununla Azərbaycan növbəti dəfə konkret mövqeyini ortaya qoymuş olur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi dəstəyi bütün dünya görməkdədir. Düşünürəm ki, Fransa hakimiyyəti tezliklə öz qərəzli mövqeyindən əl çəkəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti