...

Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik

Gündəm Materials 16 Sentyabr 2021 12:54 (UTC +04:00)
Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik

Bakı. Trend:

Kolibakterioz (Lat. Colibacteriosis) bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda, həmçinin quşlarda septiki, enterotoksiki və ya enterit formalarda təzahür edən zoonoz xəstəlikdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, eşerixioz, kolidiareya, kolisepsis, kolienterit və digər adlarla tanınan bu təhlükəli infeksion xəstəliyə adətən körpə və cavan heyvanlar arasında daha çox rast gəlinir.

Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinin Eseherechia cinsinə mənsub, qrammənfi, spor əmələ gətirməyən, fakültətiv anaerob, patogen bağırsaq çöpləri (Escherichia coli və ya E.coli) hesab olunur. Enteropatogen, enterotoksigen və hemolitik xüsusiyyətlərə malik olan bu bakteriya növü tərəfindən termolabil ekzotoksinlər və termostabil endotoksinlər ifraz olunur. Qeyd edək ki, eşerixiyanın apatogen (bəzən şərti patogen) ştamları məməlilərin və insanların bağırsaq mikroflorasında məskunlaşaraq saprofit həyat tərzi keçirir və orqanizm üçün zəruri olan vitaminlərin (əsasən K vitamini) biosintezində fəal iştirak edir.

Orqanizmin immun vəziyyəti və törədicinin virulentliyindən asılı olaraq xəstəlik heyvanlar arasında kəskin, iti və yarımiti formalarda təzahür edir. Orqanizmdə ümumi intoksikasiya, dehidratasiya (susuzlaşma) və profuz diareya əlamətləri ilə səciyyələnən kolibakterioz enzootiya şəklində baş verməklə heyvandarlıq təsərrüfatlarına böyük iqtisadi ziyan vurur.

İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab olunur. Xəstəlik törədicisi ilə çirklənmiş əşyalar, su, hava, ağız südü, süd qabları, peyin, döşənək materialları, təsərrüfatda çalışan işçi heyətin geyimi infeksiyanın yayılmasında, həşərat və gəmiricilər isə infeksiyanın ötürülməsində böyük rol oynayır.

Yoluxma əsasən alimentar, nadir hallarda isə aerogen və ya bətndaxili (anadan balaya) ötürülmə yolu ilə baş verir. Bununla yanaşı, orqanizmin immun vəziyyətindən asılı olaraq şərti patogen bağırsaq çöplərinin aktivləşməsi heyvanlarda endogen kolibakterioza səbəb ola bilər. Qeyd edək ki, ağız südü qəbulu ilə körpə heyvanların orqanizmində kolibakterioza qarşı passiv immunitet formalaşır.

Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 2-3 sutkaya qədər davam edir. Mədə-bağırsaq traktında törədici tərəfindən ifraz olunan ekzo- və endotoksinlər heyvanlarda enterotoksikoz və enteritlərə, toksinlərin qana sorulması isə ümumi toksikozlara səbəb olur. Törədici limfa və qan dövranı sisteminə daxil olduqdan sonra sürətli şəkildə artıb çoxalır ki, bununla da orqanizmdə septisemiyaya (bakterimiya) yol açır. Nəticə etibarilə yaranan iştahsızlıq, təngnəfəslik, hətta mərkəzi sinir sisteminin zədələnmələri (qıcolmalar və parezlər) səbəbindən heyvanlar arasında ölüm baş verir.

Xəstəlik törədicisi xarici mühit amillərinin təsirinə qarşı davamlı olmaqla, torpaq və peyində bir neçə ay, suda isə bir neçə həftə sağ qalır. Qeyd edək ki, E.coli termotolerant koliform bakteriyalara aiddir. Mühitin temperaturunun 35-370 C və pH-nın 7,2-7,4 olması onların inkişafı üçün optimal hesab edilir. Dezinfeksiyaedicilərin təsirinə davamsız olan E.coli 600 C-də 15-20 dəq, 1000 C temperaturda isə ani məhv olur.

Xəstəliyin diaqnostikasında epizootoloji məlumatlar, kliniki əlamətlər və patoloji-anatomik dəyişikliklərlə yanaşı, laborator müayinə üsulları (mikroskopik və bakterioloji) böyük əhəmiyyət kəsb edir.

Xəstəliyə qarşı mübarizə üsulu kimi zəruri profilaktik tədbirlərin aparılması, o cümlədən təsərrüfatda dezinfeksiya işlərinin mütəmadi həyata keçirilməsi, heyvanların sanitar-gigiyenik qaydalar çərçivəsində yetişdirilməsi, yemləndirmənin düzgün təşkili, körpə heyvanların ağız südü ilə təmin olunması, heyvan rifahının gözlənməsi və s. xüsusi olaraq qeyd edilə bilər.

E.coli həm də təhlükəli qida toksikoinfeksiyası kimi tanınır. Heyvan mənşəli qida məhsullarının bu infeksiya növü ilə qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən heyvan kəsimi zamanı, ət və ət məhsullarının daşınması, saxlanması, hətta istehlakı dövründə sirayətlənməsi insanlarda kolibakterioza səbəb olur. Qeyd edək ki, E.coli cinsinə aid olan bağırsaq çöpləri heyvan mənşəli qida məhsullarının sanitar qiymətləndirilməsi zamanı indikator rolu oynayır.

Beləliklə, nəzərə alınmalıdır ki, heyvan sağlamlığının kolibakterioz və bu kimi digər təhlükəli infeksiyalardan qorunması, eyni zamanda heyvan mənşəli qida məhsullarının qida təhlükəsizliyi tələbləri çərçivəsində istehsalı, emalı və istehlakı bilavasitə təhlükəli zoonoz patogenlərə görə insan sağlamlığının təmin olunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti