...

Qəbələ meşələrini kütləvi məhv edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)

Gündəm Materials 7 Oktyabr 2021 14:01 (UTC +04:00)
Qəbələ meşələrini kütləvi məhv edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qəbələ meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı daha bir əməliyyat həyata keçirib.

Belə ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qəbələ rayonu ərazisində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz olaraq kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə hərtərəfli araşdırılıb və nəzarətə götürülüb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Qəbələ rayonun Bum və Həmzəli kəndlərinin ətrafında yerləşən meşə massivlərindən ümumilikdə 62 ədəd fıstıq cinsindən olan ağacın kəsildiyi müəyyən edilib. Aparılan araşdırmalar zamanı həmin ağacların Qəbələ rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstə tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvlərinin saxlanılması təmin edilib. Adil Cabbarov və Qasım Qasımov, eləcə də qeyrilərinin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları yaş halda kəsiblər və onlar həmin oduncaqların satışını təşkil etmək istəyiblər.

Qeyd olunan faktlarla Adil Cabbarov və Qasım Qasımov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində əli olan dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti