...

Əcnəbilərin Azərbaycanda təhsil qaydalarında dəyişiklik edilib

Gündəm Materials 12 Oktyabr 2021 14:02 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda, müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcək. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaq.

Qaydaların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaq.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapıb.

Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti