...

Birinci Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmə ilə bağlı dəqiq siyahı hazırlanır - Nazir

Gündəm Materials 23 Fevral 2022 12:50 (UTC +04:00)
Birinci Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmə ilə bağlı dəqiq siyahı hazırlanır - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir.

Trend-in məlumatına görə, bunu jurnaılistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bilirib ki, nəzərə alsaq ki, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya yox idi, ya da çox məhdud sayda olub, ona görə də bu sahədə müəyyən çətinliklər var.

“Çünki həmin sənədlər elektronlaşdırılmayıb. Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək.

Ümid edirik ki, iyun ayına qədər elektronlaşmalar başa çatacaq. Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanan şəhadətnamələr var.

Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir”, - deyə S.Babayev vurğulayıb.

Nazir qeyd edib ki, həmin şəxslərin hər hansı bir quruma müraciət etməsinə ehtiyac yoxdur.

“Onlarla bağlı birbaşa qərar verilərək ödənişlər ediləcək. Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə, DSMF-nin qurumlarına aidiyatı sənədlərlə yaxınlaşaraq yoxlamalardan keçərək ödənişlərini alsınlar.

Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək”, - deyə S.Babayev əlavə edib.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat və III dərəcə əlilliyə görə - 4 400 manat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti