...

Sürücülərdən iyunun 13-dək ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edirik - DYP-dən çağrış

Gündəm Materials 7 İyun 2022 12:27 (UTC +04:00)
Sürücülərdən iyunun 13-dək ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edirik - DYP-dən çağrış
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yol polisi “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, iyun ayının 6-13-də yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət məhdudlaşdırılıb və istiqamətlər dəyişdirilib.

O bildirib ki, “Formula-1”ə görə Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib:

“Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, Bakı-Zığ yolu- 8 Noyabr prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət edilməlidir. Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyən edilib.

Sürücülərdən iyunun 13-dək mərkəz istiqamətlərində şəxsi avtomobilləri ilə hərəkətləri məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edirik. Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir”.

“Bildirmək istəyirik ki, nizamlayıcı qismində əməkdaşlarımız tərəfindən verilən bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, daha çox ictimai nəqliyyata üstünlük verməyi də vətəndaşlardan xahiş edirik”, - DYP rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti