...

Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır - Rauf Əliyev

Gündəm Materials 22 İyun 2022 12:39 (UTC +04:00)
Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır -  Rauf Əliyev

Bakı. Trend:

26 iyun tarixində Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaradılmasının 104 ili tamam olacaq. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanmışdır. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsisi edilməsi hərbi sahədə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi olmuşdur.

Bu il Azərbaycan Ordusu Böyük Zəfərindən sonra ikinci dəfə Bayramını-yarandığı Günü qeyd edəcək. Bu amilin çox mühüm əhəmiyyəti var. İndi Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyümüzü bərpa edən bir ordu kimi özünü dünyaya tanıtmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq səlnaməsi yazdı. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyinin rəmzidir. Bu birlik gələcəkdə də bütün vəzifələri yerinə yetirmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Cənab Prezident İlham Əliyevin apardığı dövlət siyasəti xalqımız tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyi və qarşlıqlı inamı nümayiş etdirmişdir.

Bu şanlı qələbə münasibəti ilə 10 dekabr 2020-ci il tarixdə Azadlıq Meydanında təşkil olumuş, Azərbaycan silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi. Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxış etməsi Azərbaycan-Türkiyə Əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərdi. 15 iyun 2021-ci il tarixdə Azərbaycanın Milli Qurtuluş Günündə Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasındakı münasibətlərin dünyada analoqu olmayan, Bir millət-iki dövlət prinsipinə uyğun davam etdiyini bir daha sübut etdi.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə,müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil-məişət şərairinin yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri,ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s.göstərmək olar.

Silahlı qüvvələin modernləşdirilməsi cənab Prezident İlham Əliyevin apardığı dövlət siyasətinin strateji istiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrimizin saxlanılmasına, ümumilikdə müdafiə sahəsinə ayrılan büdcə vəsaitinin artırılması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasındadır. Aparıcı Qərb mətbuat orqanlarında, habelə müxtəlif analitik nəşirlərdə Azərbaycan Ördusunun hərbi hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkələri olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Milli Ordumuzun yaranmasının 104-illiyi münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti