...

Ramin Hacılının cinayət işində şahidlər zərərçəkmiş kimi tanınsın - Prokuror

Gündəm Materials 27 Sentyabr 2022 17:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən dövlət ittihamçısı bildirib ki, Konstitusiya Məhkəməsinin qərarına görə, rüşvət verməyə təhrik ittihamı üzrə şahid qismində tanınmış şəxslər zərərçəkmiş kimi tanına bilər.

Bu işdə şahid qismində dindirilmiş şəxslər də şahid qismində dindirilib.

Prokurorun vəsatətinə etiraz edən təqsirləndirilən şəxsin vəkili Rəşad Əliyev bildirib ki, qanunun geriyə qüvvəsi o halda şamil olunur ki, şəxsin vəziyyətini yaxşılaşdırsın.

Ramin Hacılı isə deyib ki, əgər hər şeyi bu məhkəmədə sıfırdan başlamaq istəyirsinizsə, iş ibtidai istintaqa göndərilsin.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

İttihama görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti