Bakı. Trend:
Avropa Şurası Səmərəli İdarəçilik üzrə Tərəfdaşlıq (PGG) proqramının üçüncü mərhələsinə start verməyi nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu cümə günü ADA Universitetində Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova deyib.
Onun sözlərinə görə, dekabrın 1-də Aİ və Avropa Şurası PGG layihəsinin üçüncü mərhələsinin başlanması məsələsini müzakirə ediblər.
"Üçüncü mərhələ çərçivəsində korrupsiyaya qarşı mübarizə, terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulması, qadınlara qarşı zorakılığın və ayrı-seçkiliyin qarşısının alınması istiqamətləri nəzərdən keçirilir. Danışıqlar davam edir", - deyə Hacı-İsmayılova bildirib.
O qeyd edib ki, 2015-2018-ci illərdə bu proqram çərçivəsində Azərbaycanda üç layihə həyata keçirilib. Proqramın 2019-2022-ci illər üçün nəzərdə tutulmuş ikinci mərhələsinə çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi tədbirləri daxildir.