Bakı. Trend:
Vətəndaşlara qarşı dələduzluq edən “Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşları həbs edilib. Onlar ümumilikdə 78 nəfərin 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər.
Şikayətçilərin Trend-ə bildirdiklərinə görə, əmlak şirkəti öz elanlarını müxtəlif saytlarda yerləşdiriblər. Vətəndaşların da əksəriyyəti həmin elanları saytlar vasitəsilə görüblər. Elanların ortaq cəhəti isə mənzillərin satış şərtlərinin çox münasib göstərilməsi olub. “Zamin Əmlak Agentliyi” bu yolla daha çox adamın diqqətini çəkməyi bacarıblar.
20-30 min arası ilkin ödəniş, heç bir əlavə sənəd tələb etmədən "ipoteka" təklif etməklə “Zamin Əmlak Agentliyi” 78 nəfəri aldadmağı bacarıb. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.
Zərərçəkmiş vətəndaşlar ilkin ödənişi etdikdən sonra isə heç bir mənzilin olmadığını başa düşüblər, sözügedən maklerlər isə zənglərə cavab verməyiblər.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir. Onlarn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.