...

Komandoların buraxılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 10 İyun 2023 15:01 (UTC +04:00)
Komandoların buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cu kursunun kursantlarının iştirakı ilə keçirilən "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Qeyd edək ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti