Bakı. Trend:
Zaman-zaman Xəzər dənizinə yaxın ərazilərinə çəyirtkələrin miqrasiyası müşahidə olunur. Vətəndaşların Trend-ə verdiyi məlumata görə hazırda Bilgəh çimərliyində çəyirtkə sürülərinə rast gəlinir, çimərliyə gələn vətəndaşlar üçün maneə yaradırlar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən biologiya elmləri doktoru, dosent, Gülzar Mustafayeva bildirib ki, çəyirtkələrin miqrasiyasına hər il demək olar ki, rast gəlinir.
"Azərbaycana əsasən çəyirtkə sürülərinin miqrasiyası Xəzəryanı ölkələrdən olur. Bu da əsasən taxıl mövsümü ilə əlaqədardır. Çəyirtkələrin 5-6 ildən bir kütləvi artım dövrü olur. Orta Asiyadan gəlmə ehtimalı daha çoxdur. Çəyirtkənin növləri də müxtəlif olur. Elə çəyirtkə növləri var ki, kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vururlar. Çəyitkələr təsərrüfatlara ziyan vurmaqla yanaşı, aylarında məskunlaşdığı ərazilərdə külli miqdarda yumurtalar qoyaraq, növbəti illər üçün ciddi ziyanverici bazalar hazırlayırlar. Hazırda elə mövsümdür ki, çəyirtkələr arta bilər. Bu növü ilk növbədə mütəxəssislər müəyyən etməlidirlər ki, həmin növlər ölkəmizdə arta bilər ya yox. Çəyirtkələr artarsa, kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir", - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə il qabaq Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndləri, eləcə də Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunmuşdu. Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən gəldiyi müəyyən edilimişdi. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşdüyü məlum olmuşdu.