Xankəndi. Trend:
Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin uzun illərdən sonra yenidən bərpası dahi şəxsiyyət Heydər Əliyevə nəsib olub.
Trend xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyası onun üzərinə düşüb.
"Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir.
O, müstəqil Azərbaycan dövlətini yaratmışdır. Onun öz sözlərini burda xatırladıram.“ Biz azad, müstəqil, sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Çünki əsrlər boyu Azərbaycanın mütəfəkkirləri milli azadlıq, müstəqillik üçün vuruşub, mübarizə aparıblar. Buna nail ola bilməyiblər. Amma biz müstəqilliyə nail olduq. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Hər birimiz həyatımızla, canımızla Azərbaycanın müstəqilliyini qorumalıyıq",- deyə o əlavə edib.