Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Trend Rövşən İsmayılovun dosyesini təqdim edir:
Rövşən İsmayılov 1971-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında konstitusiya hüququ ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2002-ci ildə ABŞ-ın İndiana Universitetində elmi-təcrübə proqramı keçib. 2005-ci ildə həmin Universitetdə “Fulbright” proqramı çərçivəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.
O, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyasının işçi qrupunun üzvü olub. 2006-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2010-2025-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi olub. Həmçinin Rövşən İsmayılov 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında müəllim, baş müəllim, dosent olaraq çalışıb.
Rövşən İsmayılov hüquq normalarının təhlili, onların konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi, konstitusiya hüququnun müxtəlif sahələri üzrə tədris proqramlarının hazırlanması və tədrisi, akademik planlaşdırma və elmi tədqiqatların aparılması istiqamətində zəngin təcrübəyə malikdir.
2018-ci ildə “Əməkdar hüquqşünas” fəxri adı, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Rövşən İsmayılov Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
