...

Bakıda bir ailə evdən çıxarıldı(video)

Hadisə Materials 28 Sentyabr 2007 17:05 (UTC +04:00)
Bakıda bir ailə evdən çıxarıldı(video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov 58 ünvanında yaşayan beş nəfərlik ailə cümə günü məcburi olaraq on ildən çox yaşadıqları evdən çıxarılıb. Məhkəmə qətnaməsinin məcburi icrası zamanı ailə üzvləri ilə məhkəmə nəzarətçiləri arasında qarşıdurma yaranıb.

Nəsimi rayon məhkəmə nəzarətçisi Vüqar Adıgözəlov bildirib ki, sentyabrın dördündə Ali Məhkəmə Həzi Aslanov 58 ünvanında yaşayan Tahir Əliyev, Vahid Quliyev, Vəsilə və Ramella Quliyevaların, ailə üzvləri ilə birgə qeyri-qanuni məskunlaşdıqları və qəza vəziyyətində olan binadan çıxarınlması ilə bağlı qətnamə çıxarıb.

Həmin ünvanda qeydiyyatda olan Ramella Quliyeva, evdən çıxarılmalarına etiraz olaraq, özünü yandırmaq istəyib. Bunu görən qonşuları ona mane olublar.

İcra zamanı ailə üzvlərindən birinin səhhəti pisləşib və hadisə yerinə təcili tibbi yardım çağrılıb.

Buna baxmayaraq, Nəsimi rayon məhkəmə icraçıları mənzildəki əşyaları çıxarıblar.

Qeyd olunan ünvanda yaşayan Ramella Quliyeva Trend ə bildirib ki, 1978-cu ildə Ermənistanın Qafan şəhərindən Bakıya gəliblər və o vaxtdan bu ünvanda məskunlaşıblar. İnda isə kompensasiya ödənilmədən evdən məcburi çıxarılırlar.

Adıgözəlov isə bildirib ki, Ali Məhkəmənin qərarında həmin şəxslərə kompensasiya verilməsi barədə göstəriş yoxdur: "Bu ailəyə qətnamənin könüllü icrası barədə qabaqcadan bildiriş göndərilib. Lakin onlar evi könüllü tərk etmədikləri üçün, məcburi icra tədbirləri keçiririk".

Yaşamağa başqa yerləri olmadığını deyən ev sahibi, həmin ünvanda yaşayış binası inşa edən "Konsul" MTK-nın sədr müavini Tamella İbrahimovanı, rüşvət verməklə qanunsuz məhkəmə qətnaməsi almaqda ittiham edir: "Tamella Ali Məhkəməni aldadaraq, guya bizə ev, pul verdiyini deyib. Özü mənə deyib ki, məhkəməyə pul verib sizi çölə atdıracağam".

Əliyeva məhkəmə icraçılarının onları döydüklərini, təzyiq göstərdiklərini, icra ilə bağlı onlara heç bir bildiriş göndərilmədiyini deyib.

Adıgözəlov isə, məcburi icra zamanı məhkəmə nəzarətçilərinin, ailə üzvləri tərəfindən təzyiqə məruz qaldığını, icraçılardan birinin bədən xəsarətləri aldığını vurğuladı.

Əliyeva, onlara yaşamaq üçün ev , ya da kompensasiya verilməyəcəyi halda, özünü yandıracağını deyir.

"Konsul" MTK-nın sədr müavini Tamella İbrahimova bildirdi ki, bina 1989-cu ildən qəzalı bina kimi qediyyata alınıb. Həmin binada yaşayan 14 ailə başqa yerdə evlə təmin olunaraq, buradan köçürülüb. Qəzalı binanın yerləşdiyi ərazi 2004-cü ildə, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə, tikinti aparılması üçün "Konsul"MTK-ya verilib.

Onun sözlərinə görə, Ramella Quliyevanın babasının həmin binada 27 kvadrat metr sahədə mənzili olub: "Bina qəzalı vəziyyətdə olduğundan onun ailəsinə Bakı Şəhər İcra hakimiyyəti tərəfindən 2 otaqlı ev verilib və onlar binadan köçürülüblər. 2007-ci ildə onlar qanunsuz olaraq yeidən qəzalı binada qeydiyyata düşüblər".

Tamella İbrahimova hazırda prokurorluğun onların qanunsuz qeydiyyata düşməsi faktını araşdırdığını deyib: "Bu ailənin başqa yerdə 2 otaqlı mənzilləri var və hazırda həmin mənzildə yaşayırlar. Lakin bizim şirkətdən pul almaq məqsədilə bu mənzilə qeydiyyata düşüblər. Onlara mənzili tərk etmələri üçün pul təklif etmişəm. Lakin ailə üzvləri pulu aralarında bölə bilmirlər. Şirkətdən böyük məbləğdə pul almaq üçün təklif etdiyimiz məbləğlə razılaşmayıblar".

Xəbər lenti

Xəbər lenti