...

Azərbaycanda qaz sızmasından partlayışlar olub, xəsarət alanlar var

Hadisə Materials 5 Mart 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr məsafədə) yaşayış evində martın 4-ü gecə qaz sızmasından baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 4-ü saat 22.30 radələrində Gəncə şəhər sakini Vaqif Məhərrəmovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə xəsarət almış Məhərrəmov xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, bundan başqa martın 5-nə keçən gecə saat 01.00 radələrində Sumqayıt şəhəri (paytaxt Bakıdan 35 kilometr məsafədə) Təzə Corat qəsəbə sakini Seyidxanım Mustafayevanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış Mustafayeva və onun qızı Könül xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Havaların soyuması ilə əlaqədar Bakıda da xeyli sayda insanın ölümü ilə nəticələnən məişət qazından baş verən partlayışlar artıb.

Yanvarın 16-da Bakıda, Cavadxan küçəsi, 30 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasında baş verən partlayış bir girişin dörd və beşinci mərtəbələrinin tamamilə dağılmasına səbəb olmuşdu. Paytaxtın Nəsimi rayon ərazisində yaşayış binasında qaz sızmasından baş vermiş partlayış zamanı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daha öncə ötən ilin dekabrında paytaxtın Nizami rayonundakı yaşayış binasında qaz sızmasından baş verən partlayış zamanı 4 nəfər vəfat edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti