Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan gəncləri Dövlət Neft Akademiyasında baş vermiş faciədə həlak olan tələbə və müəllimləri anırlar.
"İrəli" İctimai Birliyinin fəalları cümə günü "Terrora YOX!" aksiyası çərçivəsində həlak olanların ruhuna ehtiram əlaməti olaraq Neft Akademiyasının ətrafına gül düzüb, axşam isə Akademiyanın divarları boyunca şam yandıracaqlar.
Akademiyada həlak olanlardan biri Savalan Cabbarov "İrəli"nin üzvü olub.
Trend -un arayışı: Dünən səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda silahlı şəxs atışma törədib. Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Dövlət Neft Akademiyasına silahlı hücum zamanı 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Cinayət "Makarov" tipli tapança ilə törədilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]