Yeni fotoşəkillər əlavə edilib.
Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/
Bakının Səbail rayonu ərazisindəki keçmiş Travmotologiya Xəstəxanasının binasının damında yanğın baş verib.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, yanğın saat 10:00 radələrində xəstəxananın damında başlayıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, artıq yanğın söndürülüb və yanğının qonşu yaşayış binasına keçməsinin qarşısı alınıb.
Onun sözlərinə görə, nazirliyə səhər saatlarında Üzəyir Hacıbəyov kücəsi, 5 ünvanda yerləşən, fəaliyyəti dayandırılmış və hazırda təmir işləri gedən Travmotologiya Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Mirzəyev bildirib ki, hadisə nəticəsində 800-1000 kvadratmetr ərazi yanıb.
"Yanğın zamanı xəsarət alan olmayıb, lakin qonşu yaşayış binasında bir qadın ürək xəstəsi olduğundan, qabaqlayıcı tədbir görülərək, binadan çıxarılıb və ona ilkin tibbi yardım göstərilib", - Mirzəyev əlavə edib.
Nazir müavininin sözlərinə görə, yanğının ilkin səbəbi bilinmir.
Yanğına FHN-in 25-dən artıq texnikası cəlb edilib.