Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda dərman qaçaqmalçılığı ilə məşğul olan şəxs zərərsizləşdirilib.
Trend-in Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məllumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Anar Nazim oğlu saxlanılıb.
Müəyyən olunmuşdur ki, Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğdə müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil etmişlər.
İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə, eləcə də yaşadığı mənzilə baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmış, Mustafayev Anar Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.