Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Çərşənbə gününə keçən gecə Türkiyənin şərq hissəsində 5,6 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verir.
Çərşənbə günü yerli vaxtla saat 00:05-də baş verən yeraltı təkanların episentri Van şəhərindən 32 kilometr şimal-şərqdə olub. Zəlzələnin ocağı 9,4 kilometr dərinlikdə yerləşib. Məlumatı RİA "Novosti" yayıb.
Tələfat və dağıntı barədə məlumat verilmir.
Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş vermişdi.
Zəlzələ nəticəsində 600-ə yaxın insanın öldüyü, 2,5 mindən çoxunun isə yaralandığı müəyyən edilib. 3 minə yaxın evin dağıldığı zəlzələ rayonunda 34,5 min çadır qurulub.