Azərbaycan, Bakı, 7 fevral /Trend/
Dörd sinif yoldaşını qətlə yetirməkdə ittiham olunan Moskva məktəblisi Serj Arutunyan məhkəmədə günahını boynuna alıb. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "İTAR-TASS" agentliyi xəbər verib.
Moskva şəhər məhkəməsinin iclasında prokuror ittiham aktını elan edib. Hakimin "özünü günahkar sayırsanmı?" sualına cavabında Arutunyan "tam günahkar sayıram" cavabını verib. O, cinayət əməlini hansı səbəbdən törətdiyini şahidlərin və zərərçəkənlərin ifadələrindən və sübutlarla tanış olduqdan sonra məhkəmə istintaqının yekununda izah etmək fikrindədir.
Məhkəmə iclasında üç zərərçəkən, həmçinin hadisə zamanı gözü kor olan məktəbli qız dindirilib. O deyib ki, Arutunyan heç nə demədən ona hücum edərək bıçaqla üzünə və qarnına zərbələr endirib.
Digər zərərçəkən Arutunyanın məktəbdə özünü çox aqressiv apardığını və boksla məşğul olduğunu söyləyib.
Yetkinlik yaşına çatmayan Arutunyan 2011-ci ilin aprelində naməlum səbəbdən dörd sinif yoldaşına hücum edərək onlara çoxsaylı bıçaq zərbələri endirib. Saxlandıqdan sonra o, günahını etiraf etməyib və ifadə verməkdən imtina edib. Sonradan Moskvanın Preobrajensk rayon məhkəməsinin qərarı ilə Arutunyan barəsində həbs-qətimkan tədbiri seçilib.