...

Ombudsman Qobustan həbsxanasında məhkumun ölüm faktı ilə bağlı araşdırma aparıb

Hadisə Materials 2 Mart 2012 11:09 (UTC +04:00)
Ombudsman Qobustan həbsxanasında məhkumun ölüm faktı ilə bağlı araşdırma aparıb.
Ombudsman Qobustan həbsxanasında məhkumun ölüm faktı ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

Ombudsman Qobustan həbsxanasında məhkumun ölüm faktı ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri müvəkkilin tapşırığına əsasən həbsxanada iki günlük başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı fevralın 25-də intihar etmiş ömürlük azadlıqdan məhrum edilmiş məhkum Eminov Qədir Qurbanəli oğlunun ölüm faktı araşdırılıb.

Onunla birgə kamerada saxlanılan ömürlük məhkumlarla, eləcə də intihar etdiyi cərimə təcridxanasının kamerasında saxlanılan məhkumla söhbət zamanı Eminovun əməkdaşlar tərəfindən zorakılığa məruz qalmadığı qeyd edilib.

Onun təcridxanaya salınması məsələsi araşdırılarkən məlum olub ki, Eminov saxlandığı kamerada digər məhkumla savaşdığı üçün fevralın 22-də 10 gün müddətinə cərimə təcridxanasına salınıb və orada 2 gün qaldıqdan sonra fevral ayının 24-dən 25-nə keçən gecə adyaldan kəndir düzəldərək dəmir çərçivədən özünü asıb.

Hazırda faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Başçəkmə zamanı müəssisədə cəza çəkən 60-dan çox ömürlük və müddətli həbs cəzasına məhkum edilmiş şəxs təklikdə qəbul edilib və onlarla söhbət zamanı pis rəftara məruz qalma ilə bağlı müraciət daxil olmayıb.

Məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, bir çox kameraların pencərlərinin genişləndirilməsi, yeməyin keyfiyyətinin yaxşılaşdırılması, müəssisədə təmizliyə riayət edilməsi, əməkdaşların nizam-intizamı müsbət qiymətləndirilib.

Başçəkmə zamanı aşkar edilmiş bəzi nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə nazirinə təkliflər göndərilib.

Xəbər lenti

Xəbər lenti