Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində rayonun əksər kəndlərindəki və şəhər mərkəzindəki binalarda çatlar yaranıb.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu saatlarda rayonda yeraltı təkanlar davam edir.
İcra Hakimiyyətindən bildirilib ki, zəlzələ zamanı rayonun əksər kəndələrində yaşayış evlərində çat əmələ gəlib, bəzi evlərin damı uçub. Şəhər mərkəzindəki hündürmərtəbəli binalarda da xırda çatlar yaranıb.
Hazırda yaradılmış qruplar zəlzələdən ziyan çəkmiş kəndlərdə baxışlar keçirirlər, dəyən ziyan öyrənilir.
İH-dən bildirilib ki, hazırda əhali evlərini tərk edib.
Zəlzələ zamanı xəsarət alanların olmadığı qeyd edilir.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, bu gün yerli vaxtla saat 09:40-da və 10:38-də Zaqatalada zəlzələlər qeydə alınıb. Tikililərdə dağıntı var. İnsan təlafatı yoxdur.