...

FHN:Bakı-Qazax istiqamətində hərəkət edən qatarda heç bir partlayıcı qurğu aşkar edilməyib

Hadisə Materials 6 İyun 2013 12:26 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin qatarında partlayıcı maddənin tapılması ilə bağlı məlumat yayıb.
FHN:Bakı-Qazax istiqamətində hərəkət edən qatarda heç bir partlayıcı qurğu aşkar edilməyib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin qatarında partlayıcı maddənin tapılması ilə bağlı məlumat yayıb.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin qatarının 10-cu vaqonunda partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində qatarın hərəkəti dayandırılmış, sözügedən vaqon qatardan ayrılmışdır. Sərnişinlər digər vaqonda yerlə təmin edildikdən sonra qatarın hərəkəti bərpa olunmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə 10-cu vaqonda axtarış tədbirləri keçirmişlər. Axtarış tədbirləri nəticəsində heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan DəmirYolları " QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzmməmmədov dünən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı-Qazax marşrutu üzrə hərəkət edən qatarın onuncu vaqonunda vətəndaşdan partlayıcı maddə aşkar edildiyi barədə məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti