Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən avqustun 7-də Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində dənizdə 2 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan biri "Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində, digəri "Corat" sularda xilasetmə məntəqəsindən təxminən 2500 metr aralıda, nəzarət olunmayan ərazidə batırmış. Vətəndaşların hər ikisi dalğıc-xilasedicilər tərəfindən xilas olunub.
Daha bir oxşar hadisə Bakı şəhəri, Xəzər rayonunda dənizdə, "Sahil-1" sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə baş verib. Həmin ərazidə 2 nəfər batma təhlükəsi ilə üzləşib. Onlar da dalğıc-xilasedicilər tərəfindən xilas olunub.