...

Neft və Qazçıxarma İdarəsində növbəti uçqun: 1 ölü, 1 nəfərin axtarışı davam edir

Hadisə Materials 6 Noyabr 2014 18:16 (UTC +04:00)
N.Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib
Neft və Qazçıxarma İdarəsində növbəti uçqun: 1 ölü, 1 nəfərin axtarışı davam edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 6-da saat 16:00 radələrində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da dağılıb və onlar dənizə düşüblər.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.

Axtarış işlərinin nəticələri haqqında əlavə məlumat veriləcək.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, oktyabrın 23-də saat 12 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada da təmir işləri aparılarkən uçqun baş vermişdi. Hadisə nəticəsində itkin düşmüş 4 nəfər işçinin cəsədi ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti