Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:13-də yayılıb)
Azərbaycan, Bakı, 10 aprel /Trend/
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Yanğın zamanı 3 nəfər xilas edilib. Binanın fasad hissəsi və iki mənzil yanıb.
X X X
Bakıda yaşayış binasında güclü yanğın baş qaldırıb.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin yaxınlığında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar yanır.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.
X X X
Sakinlər binadan təxliyə olunub. Hazırda yanğın lokallaşdırılıb.
Xəsarət alanlar barədə məlumat verilmir.
Hadisənin baş vermə səbəbi hələ məlum deyil.
X X X
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
X X X
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Nobel prospektinin Zığ şosesi ilə kəsişməsində, "Nargilə" kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.
Sürücülərdən xahiş olunur ki, Heydər Əliyev və ya Babək prospektləri ilə hərəkət etsinlər.