Bakı. Samir Məmmədov - Trend:
Gəncədə mənzilə basqın edən mütəşəkkil dəstədən külli miqdarda narkotika aşkarlanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yanvarın 5-də baş verib.
Gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girən 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib. Hadisə yerində səs-küy yarandığından istədiklərinə nail ola bilməyən dəstə üzvləri evi tərk ediblər.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulub.
S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilərək götürülüb.