...

Faiq Əmirlinin vəsatətləri təmin edilmədi

Hadisə Materials 17 İyul 2017 15:27 (UTC +04:00)
Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib
Faiq Əmirlinin vəsatətləri təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən F.Əmirlinin vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin səhhətində ciddi problemlər olduğunu deyib. Vəkil qeyd edib ki, F.Əmirli hər dəfə məhkəməyə gətiriləndən sonra onun səhhəti pisləşir. F.Mehdiyev buna görə də məhkəmə istintaqının tez yekunlaşmasını istəyib.

Vəkil həmçinin prosesdə istintaq vaxtı dindirilməyən iki şahidin də dindirilməsini istəyib.

Prosesdə çıxış edən F.Əmirli səhhətinin yaxşı olmadığını, bir neçə xəstəlikdən əziyyət çəksiyini deyib.

Prosesdə vəsatətlər təmin olunmayb və məhkəmə prosesi iyulun 19-a təyin edilib.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə Baş Prokurorluq F.Əmirlinin ittiham olunduğu iki maddə - Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verib. Hazırda F.Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Xəbər lenti

Xəbər lenti