Bakı. İlhamə İsabalayeva - Trend:
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) tərəfindən bu il təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə BŞTTTYS-də Ümumdünya İlk Tibbi Yardım Günü ilə əlaqədar keçirilən tədbirdə bildirilib.
Qeyd olunub ki, 2017-ci ilin ilk 8 ayı ərzində BŞTTTYS-yə 455900-dən artıq ümumi müraciət daxil olub. 455900 müraciət edənlərdən 43070-dən çoxu xəstəxanalara yerləşdirilib.
Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıqdır.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çoxdur. Qəfləti xəstəliklərlə bağlı müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50267, miokard infarktı ilə bağlı müraciətlərin sayı 577, insultla bağlı müraciətlərin sayı 2497, doğuşla bağlı müraciətlərin sayı 2087, zədələnmələrlə bağlı müraciətlərin sayı 14072 olub. Zədələnmələrdən avtoqəza zamanı xəsarət alanların sayı 1587 nəfər olub ki, bu rəqəm keçən illə müqayisədə artıb.
Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 40 müraciət olub və 39 halda hospitalizasiya icra edilib. Bunlardan 6 nəfəri uşaqdır və onların hamısı hospitalizasiya edilib.
2017-ci ilin ilk 8 ayı ərzində BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 600-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.