Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonundakı çörək sexində baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv. metr olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılmış, eləcə də 50 kv. metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.