Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya "Volvo" markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynada fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı məlum olub.
Ukrayna Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanııb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.
Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.