...

Pulları birlikdə yaşadığım polisə verirdim - Külli miqdarda dələduzluqda təqsirləndirilən qadın

Hadisə 19 Yanvar 2022 12:10 (UTC +04:00)
Pulları birlikdə yaşadığım polisə verirdim - Külli miqdarda dələduzluqda təqsirləndirilən qadın

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda külli miqdarda dələduzluq təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə yalan danışaraq dörd nəfərə ümumilikdə 182 min manatlıq ziyan vurub.

İ.Məmmədova zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.

Təqsirləndirlilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib:

"Anar Sabunçu Rayon Polis İdarəsində işləyir. 3 ildir ki, onunla qeyri-rəsmi münasibətimiz var. Əldə etdiyim pulun da bir hissəsini ona verirdim. Mən Anara inanmışdım, Svetlana Səmədovadan da aldığım pulu ona verdim. Həbs olunandan sonra da mənə dedi ki, çöldəki oğlunu fikirləş".

Cinayət işi üzrə şəxslər də ifadələrində İlahə Məmmədovanın polis əməkdaşı Anar Səfərov ilə bir işlədiyini deyiblər.

Zərərçəkmiş Fariz Bədəlov ifadəsində təqsirləndirilən şəxsə görə evini satıb çöldə qaldığını bildirib:

"Mən taksi sürücüsü idim. Qohumdan, dostdan 30 min toplayıb ona verdim. Anarla da birbaşa əlbir idi."

Qızıl univermağında satıcı işləyən zərərçəkmiş Fərhad Səfərli isə İlahə Məmmədovaya 15 min manatlıq qızıl verdiyini deyib:

"İlahə hər dəfə Anarla birgə gəlirdi. Özlərini ər-arvad kimi təqdim edirdilər. Məndən qızıl götürüb baha qiymətə satırdılar. Bir neçə dəfə alış-verişdən sonra etibar yarandı.

Sonuncu dəfə 15 min manatı da Anar Səfərovun iştirakı ilə verdim. Anar mənə dedi ki, Sabunçuda polisdir, nə isə problem olsa, ona deyim".

Digər zərərçəkmişlər Cümşüd Həsənov və Svetlana Səmədova da təqsirləndirilən şəxsə etibar edib pul verdiklərini deyiblər.

Məhkəmədə daha təqsirləndirilən şəxslə əlbir işlədiyi deyilən Anar Səfərov ifadə verib. A.Səfərov ifadəsində zərərçəkmiş şəxslərlə hər hansı alış-verişi olmadığını deyib:

"Özüm polis əməkdaşıyam. Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama İdarəsində çalışıram. İlahəni tanıyırdım. Onu bilirdim ki, qızıl alış-verişi ilə məşğuldur. Hansısa bir yerə gedəndə mənə zəng edirdi ki, məni filan yerə apar, mən də aparırdım. İlahə ilə münasibətimiz olsa da hər hansı iş birliyimiz olmayıb."

Polis əməkdaşının ifadəsinə münasibət bildirən zərərçəkmiş şəxs Cümşüd Həsənov bildirib ki, Anar Səfərovdan polisə şikayət etsə də tədbir görülməyib.

Məhkəmədə ifadə verən zərərçəkmişlər Anar Səfərovun da məsuliyyətə cəlb olunmasını istəyiblər.

Proses gələn həftə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti