...

Nənə və nəvəni öldürüb, 600 dolları da götürüb getdik - Məmur qızını qətlə yetirən şəxs

Hadisə Materials 29 Sentyabr 2022 16:02 (UTC +04:00)
Nənə və nəvəni öldürüb, 600 dolları da götürüb getdik - Məmur qızını qətlə yetirən şəxs

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonunda 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə mərhum Aygün Əzizovanın atası Asif Əzizov təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Anar Ağalarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, xalası oğlu Teymurla birlikdə mərhum Rəhilənin evindən oğurluq etmək qərarına gəliblər: “Teymur bildirdi ki, Rəhilənin evində pul var. Mənə dedi ki, sən qapıda dayan, özü isə içəri girdi. Mən də onun dediyi kimi etdim. Biz Rəhilənin yaşadığı evə getdik. Mən qapıda dayandım. Teymur evi yoxlamaq üçün qapını döydü ki, görək evdə kimsə var? Bu zaman içəridən səs gəldi. Teymur özünü təqdim edərək, qadına tanışlıq verdi. Qadın da Teymuru tanıdığı üçün qapını açdı. Teymur içəri keçib hadisəni törətdi. Rəhiləni Teymur bıçaqla vurdu. Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz qətl hadisəsini törətməyi əvvəlcədən planlaşdırmamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədləri oğurluq və ya soyğunçuluq etmək olub.

Anar Ağalarov deyib ki, Teymur zərərçəkmişlərin evində dəfələrlə olub, onlarla tanışlığı var idi.

Anar Ağalarovun sözlərinə görə, hadisə vaxtı onun 19 yaşı olub və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alırmış: “Həmin vaxt mənim pula ehtiyacım olmayıb. Ailəmin maddi imkanı yaxşı olub və buna görə də mən də maliyyə cəhətdən çətinlik çəkmirdim. Ora getməyi xalam oğlu Teymur təklif etdi. Onun sözündən çıxa bilmədim və ora getdim. Bizim yanımızda Fərid olmayıb. Teymurla Fərid qardaş olduğu üçün onların qan qrupları da eyni olub. Qan qurupu eyni olduğu üçün Fəridi də tutublar”.

Anar Ağalarov deyib ki, Teymurun etdiyi hərəkətlərdən şoka düşüb: “Onun qətli törətməsi məni çaşqın vəziyyətə saldı. Mənim Teymurun cinayəti törətməsinin qarşısını almaq imkanım yox idi. O, elə vəziyyətdə idi ki, qarşısına keçsəydim, bəlkə məni də öldürə bilərdi. Teymuru həmin vaxt tanımaq olmurdu. Onları bıçaqla vurduqca, mənim də üstümə qışqırırdı. Ev bir otaqdan ibarət idi. Rəhiləni Teymur dəhlizdə vurdu. Bu zaman uşaq səs-küyə gəldi. Onun bizə müqavimət göstərmək imkanı yox idi. Teymur onu da bıçaqla vurdu. Teymurun üzərində bıçağı niyə gəzdirdiyini bilməmişəm. Bunun səbəbini yaşasaydı, onun özündən soruşardınız. Özü daha yaxşı bilirdi”.

Anar Ağalarovun sözlərinə görə, hadisəni törədəndən sonra Teymur evdə pul və qızıl axtarmağa başlayıb: “Qapının yanında dayandığım üçün mənim də üstümə qışqırdı. Dedi ki, pul axtar. Mən də evdə onunla birlikdə axtarış apardıq. Evdən 600 dollar tapdıq. Həmin pulun 300 dollarını mənə verdi, qalanını özündə saxladı”.

Hüquqi varis Asif Əzizovu məhkəmədə təmsil edən vəkili təqsirləndirilən şəxsə Rəhiləyə 42, Aygünə 40 bıçaq zərbəsini Teymurun özünün tək vurması barədə verdiyi sual ünvanlayıb. Təqsirləndirilən şəxs isə mərhumlara neçə bıçaq zərbəsi vurulduğunu xatrlamadığını söyləyib.

Daha sonra Asif Əzizovun vəkili bildirib ki, Anar Ağalarov istintaq zamanı hadisəni törətməsi ilə bağlı etirafedici ifadələr verib. Vəkil həmin ifadələrin elan olunmasını istəyib.
Elan olunan ifadəsində Anar Ağalarov qeyd edib ki, qətli Teymurla birlikdə törədiblər və daha sonra evdə birgə pul axtarıblar.

Həmçinin, istintaq sənədlərinə görə, evdə 4 qanlı bıçaq tapılıb və həmin bıçaqların üzərində qətlə yetirilən şəxslərin qanı olub. Təqsirləndirilən şəxs deyib ki, Teymurda cəmi bir bıçaq olub və həmin bıçaqla da cinayəti törədib: “İşdə olan sənədlərdən də görünür ki, digər 3 bıçaq ailəyə məxsus olub. Məndə isə bıçaq olmayıb”.

Anar Ağalarovun istintaqa verdiyi ifadəsində isə göstərib ki, Teymur və Fəridlə birlikdə qətli törədiblər. Onun həmin ifadəsindən məlum olur ki, Teymurda bıçaq olsa da, evdə olan ailəyə məxsus bıçaqlardan da istifadə ediblər. Onun ifadəsinə görə, Aygün Əzizovanı tutub və Teymur da bıçaqla zərbələr vurub. O qeyd edib ki, Fəridin bıçaqla vurduğunu görməyib, həmin vaxt həyacanlı olub.

Anar Ağalarov isə ifadəsinin bu hissəsini təsdiq etməyib. O deyib ki, istintaq təcridxanasında həmin ifadəyə imza edib.

Növbəti proses oktyabrın 19-da davam edəcək.

İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər.

Anar Ağalarov mərhum xalası oğlu Teymur Məmmədov və onun qardaşı Fərid Məmmədli ilə Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə gəliblər. Rəhilə Cəlilova və Aygün Əzizovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları öldürüblər.

Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər.

İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır.

Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib. 2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti