Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr, Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.