Xocalı. Trend:
Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündürsə, orada bu işlər geniş səviyyədə təşkil olunub.
Trend-in Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də, Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb.
“Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilər narkotik vasitələr üçün əlverişli münbit şərait kimi formalaşdırılması, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi təşkil olunub. Bununla bağlı Azərbaycan hökuməti dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Ermənistan hakimiyyəti bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi”, - deyə o qeyd edib.