...

Son üç gündə Bakıda ev oğurluqlarının sayı artıb

Hadisə Materials 9 Fevral 2007 15:39 (UTC +04:00)

Son vaxtlar ölkədə oğurluq hallarının artması müşahidə edilir. Bunun bahalaşma ilə nə qədər bağlı olması məsələsi hüquq-mühafizə orqanlarının və sosioloqların, psixoloqların işidir. Reallıq budur ki, Bakıda xüsusilə ev oğurluğu halları sürətlə artır. Belə ki, təkcə son gün ərzindəBakıda 10-dan artıq ev oğurluğu faktı qeydə alınıb.

Bununla bağlı ilk xəbər Sabunçu rayonu, Balaxanı qəsəbəsindən gəlib. Fevralın 6-da qəsəbənin R.Qədimov küçəsi, 8 ünvanında yerləşən və Əliağa Rəfiyevə məxsus olan evə girən oğrular oranı 2000 dollar, qızıl-zinət və ev əşyaları ilə birgə tərk ediblər. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci bölməsinin əməkdaşları oğrunu hələ də müəyyən edə bilməyiblər.

Həmin gün Nərimanov RPİ-nin 18-ci bölməsinin ərazisində də oğurluq baş verib. 1980-ci il təvəllüdlü Emin Səlimova məxsus olan və A.Nemətulla küçəsi, 27/68 ünvanında yerləşən 9 saylı mənzilə daxil olan naməlum şəxs oradan qızıl-zinət və ev əşyaları oğurlayıb. Polis oğrunun mənzilə pəncərədən girdiyini müəyyən edib. Hazırda oğrunun yaxalanması üçün əməliyyat tədbirləri keçirilir.

Oğrular Yasamal rayonu, Şahbazi küçəsindəki 99 saylı evin sakinlərinin mənzil və qarajına da "ekskursiya" edib. Həmin binanın 73-cü mənzilinə zirzəmidən keçməklə daxil olan oğrular oradan İradə Səfərovaya məxsus məişət əşyalarını oğurlayıblar. Əşyaların qiyməti az olduğundan oğrular yolüstü həmin binanın 74-cü mənzilində yaşayan Aydın Məmmədovun qarajına da "baş çəkib". Qarajın qıfılını sındıran oğrular orada avtomobil əvəzinə məişət əşyaları ilə rastlaşıblar. Onlar İ.Səfərovanın mənzilindən götürdükləri çəkidə ağır, qiymətdə yüngül bir neçə əşyanı A.Məmmədovun qarajında qoyaraq oradan pula gedən əşyaları götürərək aradan çıxıblar.

Suraxanı qəsəbəsi, 3-cü Mədən küçəsindəki yeni tikilidən isə 4 min manat pul, 800 dollar, qızıl-zinət əşyaları oğurlanıb. Tikilinin sahibəsi Lətifə Əhmədova Suraxanı RPİ-nin 31-ci bölməsinin əməkdaşlarına bildirib ki, fevralın 6-da səhər saatlarında çalışdığı Dəmiryolçular xəstəxanasına gedib. Qayıtdıqda isə mənzilindən oğurluq olduğunu görüb. Polis həmin ünvana baxış keçirərkən oğrunun mənzilə açar seçmək yolu ilə (yəni qıfıla təsadüfən düşən oxşar açarla) daxil olduğunu aydınlaşdırıb.

Sabunçu RPİ-nin 14-cü bölməsinin əməkdaşları Maştağa qəsəbə sakini, 1966-cı il təvəllüdlü Iəli Şükürovu tutublar. Yaxalanan şəxs fevralın 6-dan 7-nə keçən gecə Maştağanın Savalan yaşayış massivində yaşayan Rəhimdar Aslanova məxsus mağazanın pəncərəsini sındıraraq oradan geyim əşyalarını oğurlayıb. Geyim əşyalarını aparıb gizlədəndən sonra yenidən əraziyə qayıdıb və bu dəfə Eyyub İsmayılova məxsus həyətə girib. Həyətə göz gəzdirən I.Şükürov zirzəminin qapısının açıq olduğunu görüb və ora daxil olaraq inşaat alətlərini oğurlayıb.

Fevralın 8-dən 9-na keçən gecə isə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 62, mənzil 44-ün sahibi, 1971-ci il təvəllüdlü Mikayıl Zeynalovun evdə olmamasından istifadə edən oğrular qapını sındırmaq yolu ilə mənzili qarət ediblər. Onların mənzilə baş çəkməsindən sonra oradan qızıl-zinət, ev, məişət əşyaları yoxa çıxıb.

Xəbər lenti

Xəbər lenti