...

Nərimanov rayonu ərazisində tikilən yeni ticarət mərkəzinin uçması ilə bağlı cinayət işi qaldırılıb

Hadisə Materials 2 Avqust 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Nərimanov rayonu ərazisində tikilən yeni üç mərtəbəli ticarət və ofis mərkəzinin uçması ilə bağlı Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə (tikintidə təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması) cinayət işi qaldırılıb. Bu barədə cümə günü Bakıda Nərimanov rayonu prokurorunun köməkçisi, baş vermiş hadisə üzrə istintaq aparan müstəntiq Rasim Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər - Füzuli rayonunun Alxanlı kənd sakini Əliyev Eldar Məlumat oğlu həlak olub, üç nəfər yaralanıb: "Lakin bu dəqiq məlumat deyil. Çünki əvvəl bildirdilər ki, üç nəfər yaralanıb. Sonra məlum oldu ki, ağır xəsarət alan bir nəfərdir. Xəstəxanaya aparılanlardan biri ümumiyyətlə xəsarət almayıb, şok keçirib. Ona və yüngül xəsarət alan başqa bir şəxsə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar".

Müstəntiq yaralanan digər şəxslə hələlik görüşməyib, ona görə onun şəxsiyyəti məlum deyil. Həmin şəxs hazırda Neyrocərrəahiyə Xəstəxanasındadır.

Qurbanov qeyd edib ki, hələlik obyektin sahibi müəyyənləşdirilməyib: "Dünən bir nəfər dedi ki, yeni tikili ona məxsusdur. Lakin sonra məlum oldu ki, həmin şəxs sadəcə tikinti işlərinə rəhbərlik edirmiş. Mənə söz veriblər ki, bu gün obyektlə bağlı sənədləri təqdim edəcəklər. Bundan sonra obyektin sahibini müəyyən etmək mümkün olacaq".

Onun sözlərinə görə, hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Müstəntiq bu gün hadisə yerinə əlavə baxış keçirib. Sənədlər əldə edildikdən sonra texniki ekspertiza təyin olunacaq. Avqustun 1-də axşam saatlarında Nərmanov rayonu ərəzisində tikilən üç mərtəbəli yeni ticarət və ofis mərkəzi uçub.

Xəbər lenti

Xəbər lenti