...

Üç faiz hemoqlobinlə dünyaya gələn körpə sağ qaldı

Maraqlı Materials 3 Aprel 2012 15:18 (UTC +04:00)
Oliviya Norton dünyaya gələrkən həkimlər onun bir neçə saatdan artıq yaşaya bilməyəcəyini söyləmişdilər.
Üç faiz hemoqlobinlə dünyaya gələn körpə sağ qaldı

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir X.Murtuzayeva/

Oliviya Norton dünyaya gələrkən həkimlər onun bir neçə saatdan artıq yaşaya bilməyəcəyini söyləmişdilər. Çünki körpənin demək olar ki qanı yox idi. Bu gün altı aylıq olan Oliviyanın yaşaması "möcüzə" hesab edilir. Bu barədə Trend Türkiyə KİV-ə istinadən yazır.

Belə ki, körpə Oliviya anadangəlmə çox ciddi anemiya xəstəsi idi. Qırmızı qan hüceyrələrinə oksigen daşıyan hemoqlobinin miqdarı o qədər az idi ki, onun damarlarında axan mayeyə qan demək belə mümkün deyildi.

Həkimlər rəngi bəmbəyaz halda dünyaya gələn bu körpənin iki saat belə yaşamayacağını söyləmişdilər. Ancaq Oliviyanın həyatını böyük həcmdə qan köçürülməsi nəticəsində xilas etmək mümkün oldu. Lakin bu körpənin vəziyyəti son dərəcə nadir hal hesab edilir və buna görə də onun dünya tibb ədəbiyyatına düşəcəyi gözlənilir.

Uşağın anası Luiza Berman "Daily Mail" qəzetinə verdiyi açıqlamada "ağ kabus" kimi bir körpə doğmasının onu necə təşvişə salmasından danışıb. Onun sözlərinə görə, Oliviya onun ilk körpəsidir. Onu nələr gözlədiyini düşünəndə həyəcanlanan ana rəngi bu qədər solğun olan bir körpə görəcəyini ağlına gətirməyib.

Uşağın valideynləri körpənin üç gün ərzində ana bətnində tərpənməməsindən şübhələnirlər. Qadın dərhal xəstəxanaya gedir. Həkimlər on beş dəqiqəlik ultrasəs müayinəsindən sonra uşağın hərəkətsiz olduğunu müəyyən edirlər. Ana dərhal əməliyyat olunur.

Altı həftə erkən doğulan Oliviyanın nəbzi çox zəif idi. Normal bir körpənin qanında hemoqlobinin miqdarının 18 gr/dl civarında olması lazım gəldiyi halda, Oliviyada bu miqdar sadəcə 3 gr/dl idi.

Körpənin anası doğuşdan əvvəl də bəzi fəsadların olduğunu və bundan çox qorxduğunu bildirir. "Oliviya belə bəmbəyaz doğulanda nə baş verdiyini anlamadım. Sonra uşağa qan köçürülməsinə başlandı və onun rəngi çəhrayılaşdı", - o qeyd edir.

Xəbər lenti

Xəbər lenti