...

2013-cü il çox isti olacaq

Maraqlı Materials 21 Dekabr 2012 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir X.Murtuzayeva/

2013-cü ildə havanın temperaturu bu ilkindən daha isti olacaq. Belə ki, planetimizdə havanın temperaturu 14 dərəcəlik uzunmüddətli orta dünya göstəricisini 0,57 dərəcə üstələyəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.

Meteoroloqların sözlərinə görə, 2013-cü il çox güman ki, 1850-ci ildən aparılan müasir meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti il olacaq.

Belə proqnozlarla Britaniyanın Meteorologiya Bürosunun mütəxəssisləri çıxış ediblər. Onlar dəqiqləşdiriblər ki, proqnozun amplitudası 0,43-dən 0,71 dərəcəyədək təşkil edir.

Proqnoz tərtib olunarkən ümumdünya meteorologiya təşkilatlarının istifadə etdikləri üç qlobal məlumat bazasındakı informasiyalardan istifadə olunub. Onların sırasına Böyük Britaniyanın Meteorologiya Bürosu, Şərqi İngiltərə Universiteti və NASA bazası daxildir.

Cədvəldə göstərilir ki, 2012-ci il ən isti illərin onluğunda doqquzuncudur. Bu il orta illik temperatur orta göstəricidən yuxarı, yəni 0,48 dərəcə olub. Qeyd edək ki, müşahidələr tarixində ən isti illər 2005-ci və 2010-cu illərdir. Həmin illərdə havanın temperaturu normanı 0,54 dərəcə ötmüşdü. Habelə beşliyə 1998-ci (0,51 dərəcə), 2004-cü və 2007-ci (0,49 dərəcə) illər də daxil edilib.

Yeri gəlmişkən, noyabrın sonlarında Dünya Bankının ekspertlərinin təqdim etdikləri proqnozda gələn yüzilliyin əvvəllərində havanın orta temperaturunun 4 dərəcə artacağı göstərilir. Bu, dünyada ərzaq ehtiyatlarının azalması, ekoloji sistemin və bioloji müxtəlifliyin məhv olması və dünya okeanının səviyyəsinin artması şəklində bərpa olunmaz nəticələrə gətirib çıxaracaq. Planetin ən kasıb regionlarında böyük problemlər yaranacaq və "bəşəriyyətin qlobal hədəflərə nail olmaqla bağlı səyləri dağılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti