Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan alimləri qocalmanın fiziologiyası sahəsində Rusiya alimləri ilə birgə tədqiqat aparacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutundan Trend-ə verilən məlumata görə, artıq institutla Rusiya Elmlər Akademiyasının Herontologiya Cəmiyyəti, İ.P.Pavlov adına Fiziologiya İnstitutu və Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu arasında "Qocalmanın fiziologiyası" sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın dəvəti ilə ölkəmizə səfər edən Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru, RTEA-nın müxbir üzvü, professor V.X.Xavinson və Rusiya Antiqocalma Təbabəti Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru, professor S.V.Trofimova ilə keçirilən görüşdə Azərbaycan Herontologiya Cəmiyyətinin yaradılması və onun Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasına qəbul edilməsi məsələləri də müzakirə edilib.