...

Ermənistan dünya ictimayyətinin diqqətini ölkədəki gərgin vəziyyətdən yayındırmaq istəyir- Azərbaycanın birinci vitse-spikeri (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 10:26 (UTC +04:00)
Ermənistan dünya ictimayyətinin diqqətini ölkədəki gərgin vəziyyətdən yayındırmaq istəyir- Azərbaycanın birinci vitse-spikeri (video)

Azərbaycan, Bakı, 5 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hesab edir ki, Ermənistan cəbhə bölgəsində atəşkəs rejimini pozmaqla, ölkədə yaranmış gərgin vəziyyətdən, xaos və anarxiyadan erməni xalqının və dünya ictimayyətinin diqqətini yayındırmaq istəyir. "Prezident seçkilərindən sonra Ermənistanda xaos və anarxiya yaranıb. Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat törətməklə diqqəti bundan yayındırmaq istəyir. Atəşkəs rejiminin pozulması bunula bağlıdır və başqa səbəb yoxdur", -deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Martın dördündə səhər tezdən Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində -Tərtər və Goranboy rayonu istiqamətində atəşkəs pozulub

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumata görə, dünən səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusu düşmənin bütün həmlələrinin qarşısını böyük qəhrəmanlıqla alıb və ona ağır zərbələr endirib. Atışmalar zamanı düşmən tərəfinin 12 əsgəri məhv edilib, 15 nəfəri ağır yaralanıb. Azərbaycan Ordusu 3 şəhid verib, biri yaralanıb.

Əsgərov qeyd edib ki, Ermənistan törətdiyi təxribata baxmayaraq atəşkəsin pozulması geniş miqyaslı müharibəyə çevrilə bilməz: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi məlumdur və problemin sülh yolu ilə aradan qaldırılmasını istəyir. Ona görə də Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır və dünya ictimaiyyətinin tələblərinə cavab verərək atəşkəs rejimini qoruyub saxlamalıdır".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti