Azərbaycan, Bakı, 05 mart / Trend ", müxbir E.Hüseynli/ Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri hesab edir ki, Ermənistan Silahlı Qüvvələrinin cəbhə xətti boyu atəşkəsi intensiv pozması Ermənistan hökumətinin təxribatıdır. "Ermənistan hökuməti ölkədəki daxili siyasi gərginliyə görə, beynəlxalq ictimaiyyətin təzyiqindən yayınmaq və diqqəti başqa hadisələrə yönəltmək üçün bütün cəbhə xətti boyu atəşkəsi pozub" çərşənbə günü Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dünən və bu gün səhər atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15-i isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.
Bəhmənov deyib ki, Ermənistan iqtidarının cəbhə xəttində təxribat törətməsi ölkənin müxalifət qüvvələrini həyəcanlandırmağa xidmət edir.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.