...

Kosovo məsələsi Dağlıq Qarabağ probleminin həllində presedent ola bilməz - NATO PA-nın prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 15:40 (UTC +04:00)
Kosovo məsələsi Dağlıq Qarabağ probleminin həllində presedent ola bilməz - NATO PA-nın prezidenti

Azərbaycan, Bakı, 05 mart/ Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağ münaqişəsi ilə Kosovo məsələsi arasında heç bir eynilik yoxdur və bunlar fərqli münaqişələr olduğundan burada eyni prinsiplərin tətbiq olunması mümkün deyil. "Kosovo məsələsi Dağlıq Qarabağ probleminin həllində presedent ola bilməz" - deyə NATO Parlament Assambleyasının (NATO PA) prezidenti Joze Lelo çərşənbə günü Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Lelo qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdardır.

Əsədov isə qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün lazımı addımlar atır. "Amma problemin həlli, Ermənistan hərbi qüvvələrinin qeyri-şərtsiz Dağlıq Qarabağdan çıxarılması ilə bağlı BMT, Avropa Şurası Parlament Assambelyasının qərar və qətnamələrinə işğalçı dövlət heç bir məhəl qoymur" - deyə spiker əlavə edib.

Əsədov vurğulayıb ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini istəyir.

Spiker bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlar, o cümlədən NATO ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir: "Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də NATO-ya inteqrasiyadır".

O qeyd edib ki, Azərbaycan Avropa enerji təhlükəsizlik sistemində mövqeyini getdikcə möhkəmləndirir.

Xəbər lenti

Xəbər lenti