...

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasınıdan 15 il ötür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2008 10:10 (UTC +04:00)
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasınıdan 15 il ötür

Azərbaycan, Bakı, 2 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasınıdan 15 il ötür. Kəlbəcər rayonu 1993-cü ilin aprelin ikisində Ermənistan tərəfindən işğal olunub. Kəlbəcərin ərazisinin sahəsi 1936 km2, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdü. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonun azad edilməsi ilə bağlı 854-cü, Füzili rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü Qətnamə qəbul elib, lakin həmin qətnamələr kağız parçası olaraq qalmaqdadır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti