Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanatını danışıqların bütün məqamlarını əks etdirən sənəd hesab edir.
"Sənədin imzalanmasında yeni bir şey axtarmaq lazım deyil. İndiyədək danışıqlar aparılır və onların əhəmiyyəti bəyannamədə öz əksini tapıb. Danışıqların növbəti mərhələsinə keçid üçün bünövrə qoyulmalıdır", - Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bazar ertəsi jurnalistlərə bildirib.
Bazar günü, noyabrın 2-də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannamə imzalanıb.
"Şifahi bəyanatlardan sonra, sənəd imzalanmalı və təsdiq edilməlidir", - İbrahim bildirib.
"Yüksək səviyyədə bəyannamənin imzalanması zərurətdən irəli gəlir, - o bildirib. - Azərbaycan danışıqlar prosesini davam etdirmək niyyətində qətidir. Danışıqların növbəti mərhələsinin necə olacağı hələ məlum deyil".
Rusiya prezidenti keçən ay Ermənistanda səfərdə olan zaman hər iki dövlət başçısına Moskvada görüşmək barədə təklif irəli sürüb.
Kremldə qeyd edirlər ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi mübahisəli ərazilərin statusunun müəyyənləşdirilməsi üzrə yekun qərarın Azərbaycan və Ermənistan xalqları tərəfindən verilməli olduğuna əsaslanır. Bununla yanaşı, Moskva hər iki tərəfi qane edən həll variantını dəstəkləyir və nizamlanmanın zamini qismində çıxış etməyə hazırdır.
Rusiya, Ermənistan və Azərbaycan liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəliblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar. "Rusiya, Ermənistan və Azərbaycan prezidentləri konstruktivlik atmosferində Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, ATƏT-in Minsk Qrupunun həmsədləri qismində Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə nizamlanmasının vəziyyət və perspektivlərini əyani və dolğun müzakirə edərək bəyan edirlər ki, münaqişənin siyasi yolla nizamlanması ilə, Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılması və regionda sabitlik və təhlükəsiziliyin bərqərar olunmasının təmin edilməsinə yardım edəcəklər", - üçtərəfli görüşün yekunları üzrə imzalanmış bəyannamədə bildirilir.
Bəyannamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlərin əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda inkişaf və hərtərəfli inkişaf üçün əlverişli şərait yaradacaq. Danışıqlardan sonra bəyannaməni Medvedyev oxuyub.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və XOcalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend