Azərbaycan, Ağdam, 19 noyabr / Trend , müxbir Ş. Cəliloğlu/ Ermənistan tərəfi Azərbaycanın Füzuli rayonu ərazisində yerləşən (Bakıdan 360 km cənub-qərbdə) "N" saylı hərbi hissənin şəhid olmuş əsgərinin meyitini bu gün Ağdamın Xanqərvənd kəndi ərazisində təhvil verib. Təhvil Beqynəlxalq qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da gecə cəbhənin Füzuli istiqamətində, qoşunların təmas xəttində baş verən atışma nəticəsində, Azərbaycan Ordusunun əsgəri Şəmilov Orxan Fərhad oğlu həlak olub.Məlumatda bildirilir ki, atəşkəs pozulan anda döyüş növbəsi çəkən əsgər Şəmilov düşməni susdurmağa çalışıb. Atışmadan bir neçə dəqiqə sonra o, düşmənin iki əsgərini məhv edib və özü də həlak olub. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb.
Bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Şəmilovun döyüş mövqeyini silahı ilə birlikdə tərk etdiyi barədə məlumat verilmiş və Tərtər Rayon polis şöbəsi əsgərin tutulması üçün əməliyyat - axtarış tədbirlərinə başlamışdı.
Əsgərin əmisi Vaqif Şəmilov bildirib ki, ona verilən qeyri -rəsmi məlumata görə, Orxan Şəmilovun qaçması barədə raport verən hərbi hissənin taqım komandiri və onunla bərabər daha 3 nəfərin istintaqa cəlb olunub.
Hüquq - mühafizə orqanlarından Trend - a bildirilib ki, əsgərin hərbi hissəni tərk etməsi barədə məlumat veriləndən sonra, döyüş növbəsi qaydalarını pozma maddəsi ilə Fizuli hərbi prokurorluğunda cinayət işi açılıb. Hazırda bu faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
Azərbaycanın bir əsgəri hazırda Ermənistanda əsirlikdədir.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008 -ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]